Bakı, 06 noyabr Fins.az
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, növbəti təsərrüfat ilində taxılçılıq sahəsində yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 28 min hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib. Məhsul istehsalçıları yaradılan şəraitdən bəhrələnərək qısa müddətdə 5 min 830 hektar sahədə səpin aparıblar ki, bunun da 3 min 300 hektarı buğda, 2 min 330 hektarını isə arpa sahələri təşkil edib. İşin yaxşı təşkili nəticəsində əkinçilər hər gün 150-200 hektar sahəyə toxum səpirlər. Əkinçilər, həmçinin 250 hektar sahədə yaşıl yem üçün xəsil əkini də aparıblar.
Qeyd edək ki, bu il Hacıqabulda 28 min hektar sahədə payızlıq taxıl əkini aparılması planlaşdırılıb.
© azertac