Bakı, 06 noyabr Fins.az
Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən ilə rayonda mövcud olan 599.2 hektar çoxillik meyvə bağlarından 2 min 358.2 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün bütün texniki tədbirləri vaxtında və nümunəvi şəkildə həyata keçiriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, xeyli vaxtdır neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını aparırlar. Bağbanlar cari ilin ötən ayları ərzində ağaclardan 1391.9 ton məhsul toplayıblar. Tədarük olunan meyvənin 118.1 tonunu alma, 46.8 tonunu armud, 57.9 tonunu ərik, 11.4 tonunu albalı, 26.8 tonunu şaftalı, 230.1 tonunu gavalı, 166.8 tonunu alça, 26.6 tonunu gilas, 20.8 tonunu fındıq, 480.8 tonunu nar, 94.7 tonunu heyva, 2.7 tonunu qoz, 14.2 tonunu xurma, 94.2 tonunu isə digər meyvələr təşkil edib.
Rayonda meyvə yığımı davam edir.
© azertac