Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. Ötən il hər hektardan orta hesabla 26,4 sentner "ağ qızıl" tədarük edən yevlaxlı pambıqçılar bu il hektarın orta məhsuldarlığını 30 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar.
Fins.az xəbər verir ki, 2020-ci ildə rayonda 1780 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı “P-Aqro” MMC ilə olmaqla müqavilə əsasında 2330 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb. Bu il respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, şəhər icra hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunub. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.
Rayonda pambıq yığımında 9 ədəd pambıqyığan kombayn, 22 ədəd traktor, 51 ədəd qoşqu, 6 ədəd dərman səpən, 1 ədəd pambıq yükləyici və 2 ədəd pambıq sahələrinin kənarlarının hamarlanması üçün texnikalar cəlb olunub. Fermerlər tərəfindən builki mövsüm ilində hədəf 7000 tondan çox məhsul istehsal etməkdir.
Yevlax pambıqçıları arasında yüksək məhsuldarlıq uğrunda rəqabət gedir. Rayon fermerlərindən İsmayıl Məhərrəmov hər hektara orta hesabla 53,4 sentner, Orxan Qurbanov 47,4 sentner, Ələddin Muradxanov 46,80 sentner, Tofiq Abbasov 44,4 sentner, Mahir Əsgərov 43,1 sentner, Oktay Əşrəfov 42,2 sentner məhsul əldə ediblər. Hazırda sahələrdə bol məhsul var. Yevlax pambıqçıları məhsulu son qozasınadək yığmaq üçün əzmlə çalışırlar.
Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub. (azertac)