IKT

02 Noyabr

Bu rayonda 23 min hektardan çox sahədə payızlıq taxıl əkilməsi planlaşdırılır

Bakı, 2 noyabr, Fins.az

Saatlıda taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda məhsul istehsalı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, saatlılı taxılçıları ötən ilin payızında 22 min 986 hektar sahədə taxıl əkiblər. Bunun da 5 min 254 hektarını arpa, 17 min 732 hektarını isə buğda sahələri təşkil edib. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 19 min 127, buğda zəmilərindən isə 76 min 421 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 95 min 548 ton taxıl götürərək, hər hektarın məhsuldarlığını 41,6 sentnerə çatdırıblar.

Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 2 min 538 hektar sahədə səpin aparıblar ki, bunun da 2 min 188 hektarı arpa, 380 hektarı isə buğdadır. Sahibkarlar səpin zamanı daha çox rayonlaşdırılmış məhsuldar toxum sortlarının əkininə üstünlük verirlər. Əkinçilər gün ərzində 150-200 hektar sahəyə toxum səpirlər.

Qeyd edək ki, saatlılı taxılçılar bu il 23 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırıblar. (azertac)