IKT

01 Noyabr

Muxtar respublikada arıçılığın inkişafı diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası əlverişli iqlim şəraiti və qədim tarixi ənənələri ilə böyük arıçılıq potensialına malikdir. XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlar vardır. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olurdu. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılırdı. Həmin dövrdə K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında məlumat verib. Bütün bunlar arıçılığın muxtar respublikada qədimliyini sübut edir.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” uğurla icra olunur

Ölkəmizin bir çox bölgələrində olduğu kimi, Naxçıvanda da arıçılıq aqrar istehsalın davamlılığını və səmərəliliyini təmin edən gəlirli sektorlardan biridir. Qədim diyarımızda kifayət qədər nektarlı bitki növlərinin olması burada arıçılığın inkişafına səbəb olub. Bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu var. Dövlət proqramının giriş hissəsində qeyd olunduğu kimi: “Arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır”. Proqramın uğurlu icrası arı ailələrinin sayının artmasına və bu sahədə ümumi məhsuldarlığın daha da yüksəldilməsinə şərait yaradır.

Dövlət proqramında nəzərdə tutulan və mühüm stimullaşdırıcı əhəmiyyətə malik olan tədbirlərdən biri hər il ənənəvi bal festivalının keçirilməsidir. Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan beşinci “Arıçılıq məhsulları – bal festivalı”nda iştirak edib. Festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 289 arıçı tərəfindən 14 tondan artıq süzmə, 2 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılıb. Naxçıvan Dövlət Universiteti tərəfindən arıçılıq ləvazimatları, nəşr olunmuş ədəbiyyatlar və yeni istehsal texnologiyalarının sərgisi təşkil edilib, 10 adda buklet hazırlanaraq arıçı sahibkarlara paylanıb. İki gün davam edən festivalda “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə müsabiqə təşkil edilib, qaliblərə hədiyyə və diplomlar təqdim olunub.

Naxçıvan balı öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə seçilir

İnsan üçün ən dəyərli qida məhsullarından biri də baldır. Balın tərkibində insan üçün xeyirli maddə və zülallar vardır. Naxçıvan balı öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə də yaxşı tanınır və yüksək qiymətləndirilir. Tərkibi mineral maddələrlə zəngin olan Naxçıvan balı və arıçılıq məhsulları həm də müalicəvi əhəmiyyətə malikdir. Əlverişli təbii iqlim şəraiti, zəngin yem bazası ehtiyatları və qiymətli cinslərə malik arı genofondu arıçılığın inkişaf etdirilməsində əsas amillərdəndir. Bu sahənin inkişafında təməl faktorlardan biri də zəngin yem ehtiyatları bazasının mövcudluğudur. Dövlət proqramında da muxtar respublikada balyığma mənbələrinin aşkar edilməsi, yem bitkilərinin çiçəkləmədən sonra biçilməsinə nəzarətin təşkili ilə bağlı tapşırıq müəyyən edilib. Üçüncü rübdə Şərur rayonunun Havuş, Axura, Şahbulaq, Günnüt, Ordubad rayonunun Biləv, Rumus, Parağaçay, Şahbuz rayonunun Gömür, Kükü, Keçili, Yuxarı Qışlaq kəndlərində və Batabat yaylağında çiçək tozu və nektarla zəngin olan balyığma mənbələri aşkar olunub. Həmin ərazilərdə təsərrüfat sahibləri ilə bitkilərin vegetasiya müddəti başa çatdıqdan sonra ot biçininin həyata keçirilməsi, balyığma mənbəyi olan ağac və kolların kəsilməsinin qarşısının alınması məqsədilə 12 maarifləndirici görüş keçirilib. Həmçinin Şərur rayonunun Mahmudkənd, Axura, Şahbuz rayonunun Sələsüz kəndlərində və Babək şəhərində arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübələrin tətbiqi istiqamətində maarifləndirmə işləri aparılıb. “Arı ailələrinin qışlamaya hazırlanması” və “Arıçılıq və bu sahəyə göstərilən dövlət qayğısının bəhrələri” adlı məqalələr hazırlanıb, arıçı sahibkarlara 2 adda bukletlər dərc etdirilərək paylanıb.

Yerli arı genofondu qorunur, arı xəstəliklərinin qarşısı alınır

Arıçılığın inkişafının davamlı xarakter almasında yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin qarşısının alınması da həyati əhəmiyyətə malikdir. Bu istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsi arı xəstəliklərinin sonrakı müalicəsi ilə müqayisədə daha çox önəm kəsb etməkdədir. Həyata keçirilən tədbirlər xəstəliklərin vaxtında aşkar olunmasına və zərərverici təsirinin minimuma endirilməsinə gətirib çıxarır. Dövlət proqramının icrasına uyğun olaraq iyul-sentyabr aylarında Amerika və Avropa çürüməsi xəstəliklərinə qarşı arıxanalardan 2 min 633 nümunə götürülərək yoxlanılıb, infeksion xəstəlik aşkar edilməyib. Eyni zamanda parazitar xəstəliklərdən olan Varroatoz, Akarapidoz, Nozematoza görə müayinələr aparılıb və təyinatı üzrə tədbirlər həyata keçirilib.

Aqrar sahədə sığortanın tətbiqi təsərrüfat sahiblərinin məhsulları ilə yanaşı, gəlirlərinin də qorunması deməkdir. Bu da müvafiq məşğuliyyət sahəsinin uzunmüddətli olmasına və sahibkarların rahat fəaliyyət göstərməsinə təsir edən mühüm amildir. Dövlət proqramında da arı ailələrinin sığortalanması işinin təşkili ilə bağlı tapşırıq müəyyən olunub. Bu istiqamətdə üçüncü rübdə maarifləndirici tədbirlər davam etdirilib, 15 arı ailəsi üzrə 2 sığorta müqaviləsi bağlanması təmin olunub.

Kənd əhalisinin məşğulluğunun təmin olunması sahəsində arıçılıq əvəzedilməz rola malikdir

Muxtar respublikada kənd əhalisinin məşğulluğunun təmin olunması sahəsində arıçılıq əvəzedilməz rola malikdir. Bu sahəyə göstərilən dövlət dəstəyi stimullaşdırıcı xarakter daşımaqla arıçılıqla məşğul olan təsərrüfatçıların sayının ildən-ilə artmasına səbəb olur. Dövlət proqramının icrasına uyğun olaraq üçüncü rübdə 7 təsərrüfatçıya 72 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi sahəsində yeni nailiyyətlərin əldə olunmasına şərait yaradır.