Fins.az xəbər verir ki, Sabirabadda pambıq yığımı sürətlə davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 570-580 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günə kimi plantasiyalardan 24 min 849 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun 20 min 463 tonu pambıqyığan kombaynların köməyi ilə yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il 8 min 630 hektar pambıq sahəsindən 25 min 210 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürürlər.
Uzun illər pambıq əkini ilə məşğul olan Güdəcühür kənd sakini Sadiq Sadıqov ötən il 9 hektar sahədə pambıq becərib və hər hektardan 32 sentner məhsul götürüb. Pambıqçı bu il 14 hektar sahədə pambıq əkib. Becərmə vaxtında bilik və təcrübəsini tətbiq etdiyindən bu ildə sahəsində məhsul çoxdur. O, yetişdirdiyi məhsulun son qozasına qədər toplamaq bütün qüvvəsini səfərbər edib.
“Bu mövsüm 14 hektar sahədə pambıq becərmişəm. Sahəyə nümunəvi qulluq etdiyimdən məhsulum ötən ildəkindən də çoxdur. İndiyədək yığım apardığım sahənin hər hektarından 35 sentnerdən çox məhsul götürmüşəm. Hələ sahəmdə pambıq çoxdur. Əminəm ki, mövsümün sonunadək hər hektarın məhsuldarlığı 40 sentnerə çatacaq”, - deyə fermer bildirib. (azertac)