Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində də rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 35 min 164 baş iri buynuzlu mal-qara, 130 min 242 baş qoyun-keçi bəslənilir. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına güclü təsir göstərib.
Cari ilin doqquz ayı ərzində rayonda 9 min 916 ton ət (diri çəkidə), 16 min 860 ton süd, 250 ton yun istehsal olunub ki, bu da 2019-cu ilin eyni dövründə istehsal olunan ətdən 58 ton, süddən 2 min 337 ton, yundan isə 16 ton çoxdur.