IKT

14 Oktyabr

Kürdəmirdə fermerlərə payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət göstərilib

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir. Növbəti aqrar səyyar xidmət Kürdəmir rayonunun Sorsor kəndində təşkil olunub.

Xidmət çərçivəsində fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Ümumilikdə kənd üzrə 271 fermer EKTİS-də qeydiyyatdadır, bunlardan 2-si hüquqi şəxs, qalanları isə fiziki şəxsdir.

Səyyar xidmət zamanı növbə sistemi təşkil olunub, fermerlərə maska paylanıb, onların müraciətləri təmin edilib.

Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.

Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir.

Səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur. 

Bunadək payızlıq əkinlərin bəyanı ilə əlaqədar Xaçmaz və Masallı rayonlarında müvafiq xidmətlər təşkil olunub. Yaxın günlərdə Şəki, Şəmkir və digər rayonlarda analoji xidmətlərin təşkili nəzərdə tutulur.

2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar onların bəyanlarına uyğun olaraq verilir. Fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetlərinə daxil olaraq ərazilərini seçməli, növbəti 4 il ərzində əkəcəyi bitkilər barədə məlumatı və bu payız əkəcəyi bitkini bəyan etməlidir. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin “Fermer kartı”na köçürülür.

Xatırladaq ki, aşağıdakı hallarda fermerlər payızlıq əkinlərə görə subsidiya ala bilməyəcəklər:

- fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;

- Aqrar Subsidiya Şurasının qərarına əsasən müəyyən edilmiş rayonlar üzrə əkin əmsalı 0-a bərabər tutulduqda;

- kateqoriyası kənd təsərrüfatı olmayan torpaqlarda və örüş yerlərində əkin aparıldıqda;

- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 20-50 faiz çox olduqda cari il ərzində;

- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 50 faiz çox olduqda isə cari il və sonrakı il ərzində;

- tələb olunan sənədlər və məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə;

Bundan başqa, əvvəlki dövrdə subsidiyanı başqa məqsədlər üçün xərcləməyə çalışan, 75% nağdsız subsidiyanı nağdlaşdırmağa cəhd edən fermerlər də subsidiya almaq hüququndan məhrum ediləcəklər.

Payızlıq əkinlərin bəyanı ilin sonunadək davam edəcək.