IKT

13 Oktyabr

IFC Azərbaycan kənd təsərrüfatında kreditləşməyə mane olan səbəbləri tapıb

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” maliyyə təşkilatları və kənd təsərrüfatında müəyyən dəyər zəncirləri arasında sorğu keçirib.

Fins.az-ın  təşkilatçılardan əldə etdiyi məlumata görə, bu sorğunun məqsədi pandemiya dövründə kənd təsərrüfatında baş vermiş dəyişiklikləri müəyyən etmək və kreditlərin verilməsində yaranmış çətinliklərin səbəblərini müəyyən etmək olub.

Sorğunun nəticələri göstərib ki, kənd təsərrüfatında kreditləşməyə mane olan əsas iki səbəb mövcuddur:

Onlardan birincisi kənd təsərrüfatı məhsullarının satışında azalmalardır. Bu azalmalar əsasən daxili bazarda baş verir. Məsələn, toyların qadağan olunması ət məhsulu üzrə satışa mənfi təsir göstərib. Bir çox hallarda hətta satış kanalları itirilmiş və təchizat zəncirləri qırılıb.

İkincisi isə bazarda sabitliyin olmamasıdır. Belə ki, yoluxmaların tendensiyasından asılı olaraq, hökumət müəyyən hallarda yumşalmaya və müəyyən hallarda yenidən sərtləşməyə doğru qərarlar qəbul edib. Bu halda sabah satış kanallarının fəaliyyət göstərməsinə əminliyin olmaması da maliyyə təşkilatlarını ehtiyatlı olmağa məcbur edib.

Cari vəziyyətdə bankların və digər maliyyə institutlarının, pandemiya dövründə kənd təsərrüfatında yaranmış dəyişikliklər və çağırışlara müvafiq strategiyalarının qurulması çox vacibdir və bu istiqamətdə aşağıdakıları nəzərə almaq faydalı olar:

“Çox maraqlı və vacib məqamdır ki, sorğu, daxili bazara yönəlmiş məhsul istehsalçıları ilə ixrac yönümlü məhsul istehsalçıları arasında fərqli səhnəni üzə çıxarıb. Belə ki, fermerlər istehsal etdikləri məhsulun daxili bazarda satışı üzrə proqnozlarını verə bilmirlər və ona görə də maliyyənin cəlb edilməsinə ehtiyatla yanaşırlar. İxrac yönümlü kənd təsərrüfatı məhsullarının satışında vəziyyət bir qədər fəqrlidir. Fındıq, çiyələk, alma, nektarin, sitrus meyvələri və s. üzrə ixrac bazarlarında qiymətlərin də əlverişli olması bu istiqamətin rəqabət üstünlüyünü üzə çıxarıb. Bu da, yuxarıda qeyd etdiyimiz kimi, insanın immun sisteminə gücləndirici təsir edən məhsullara dünyada tələbin artması ilə bağlıdır.

Bəs ixrac yönümlü dəyər zəncirləri arasında keçirilmiş araşdırmalar bizə nə deyir? Məsələn, pandemiya dövründə məhsulları Körfəz və Avropa ölkələrinə çatdırmaq çətin olduğundan ixracın böyük əksəriyyəti ənənəvi olan Rusiya və yerli bazarlara yönəlib. Bu səbəbədən də qeyd edilən bazarlarda rəqabət də kəskin artıb. Bəs bu halda maliyyə institutu nə etməlidir? Fikrimizcə, onlar maliyyələşdirmə zamanı müştəriləri daha diqqətlə təhlil etməli və ən vacibi, üstünlüyü müasir istehsal üsullarından istifadə edən və rəqabət qabiliyyətli olan fermerlərə verməlidir.

Onu da əlavə edə bilərik ki, belə məhsulların ixracı ilə məşğul olan ixracatçı və onun ətrafında çoxlu sayda istehsalçı fermerlər vahid dəyər zəncirində birləşirlər. Dəyər zəncirlərində üzvlər arasında uzun müddət ərzində mövcud olan əlaqələrin möhkəmliyi, bəzi zəncirlərdə müqavilə əsasında fəaliyyət və dünyada artan qiymətlər bu zəncirlərin üzvlərini banklar üçün maraqlı müştərilərə çevirir. Dəyər zəncirində birləşmiş və ixrac yönümlü məhsulların istehsalı və satışı ilə məşğul olan təsərrüfatlar üçün gəlirlərin artmasını pandemiya şəraitinin yaratdığı yeni imkanlara aid etmək olar. İxracın artması dəyər zəncirlərinin maliyyələşməyə olan ehtiyaclarını da artırır. Belə ixrac yönümlü dəyər zəncirlərinin maliyyələşməsi banklar üçün də maraqlıdır, çünki burada risklər daha azdır. Məsələn, gəlirlərin xarici valyutada olması bu təsərrüfatlara verilən kreditlər üzrə valyuta riskindən təbii hecinq yaradır ki, bu da kreditlərin ödənilməsində banklara əminlik verən amildir”, - deyə açıqlamada bildirilir.