IKT

05 Oktyabr

Oğuzda indiyədək 300 tondan çox quru tütün istehsal olunub

Oğuz rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən bu günədək rayonda fəaliyyət göstərən emal məntəqələrinə 3 min tonadək “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 300 tondan çox quru tütün istehsal olunub.

Bu barədə  Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il oğuzlu fermerlər 269 hektar sahədə tütün yetişdiriblər. Tütünün əkin sahəsi əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.

Hazırda rayonun təsərrüfatlarında payızlıq dən bitkilərinin əkininə ciddi hazırlıq işləri görülür. Bu il rayonda gələn ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 15 min 870 hektar sahədə yay şumu qaldırılıb və iş davam etdirilir. Səpinə oktyabrın ortalarında başlanılacaq.