IKT

15 Sentyabr

AQTA dönərxanaların sağlamlaşdırılması layihəsinə start verdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə tədbirləri davam etdirir.

Bu tədbirlər çərçivəsində dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs və ABAD-la birlikdə yeni layihəyə start verilib. Həyata keçirilən yeni layihənin məqsədi dönər biznesi ilə məşğul olan müxtəlif qida obyektlərinin texniki normativ hüquqi aktların tələblərinə və beynəlxalq standartlara uyğun şəkildə qurulmasını təmin etməkdir.

Müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından da layihə böyük əhəmiyyətə malikdir.

AQTA-nın təşəbbüsü ilə reallaşacaq layihənin icra müddətinin 2020-2021-ci illər üzrə dövrü əhatə etməsi planlaşdırılır. İlkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə  üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulan nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri yoxlamaların aparılması kimi tədbirlər AQTA və onun tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcəkdir.

ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxs tərəfindən layihə çərçivəsində həmin qida obyektləri fəaliyyətləri üçün lazımi avadanlıqlarla təmin ediləcəkdir. Bununla yanaşı, həmin müəssisələrdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək.

Mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, ABAD publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edir, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirir, analizini aparır, layihə çərçivəsində keçiriləcək təlimlərin təşkilində iştirak edir, yaradılan biznesin qanunvericiliyə uyğun formalaşması məqsədilə layihə iştirakçılarına hüquq və mühasibatlıq üzrə məsləhətlər verir və ABAD-çı olmaq qərarına gələn iştirakçılara daimi əsasda ABAD xidmətləri göstərir.

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması layihəsinin həyata keçirilməsi nəticəsində dövlət-özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi, davamlı rəqabət mühitinin formalaşdırılması, əhaliyə sağlam ictimai iaşə xidmətlərinin göstərilməsi, müvafiq sahədə qida zənciri nəzarət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.