“Baş Nazir Əli Əsədovun dünən imzaladığı 319 saylı qərarla əlaqədar bildiririk ki, bu qərar pambıqçılıq, tütünçülük, barama istehsalı və arıçılıq fəaliyyətinə görə dövlət tərəfindən verilən subsidiyaların ləğv edilməsini nəzərdə tutmur”.
Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsi hazırda Prezident İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli fərmanı ilə tənzimlənir:
“Həmin Fərmanla təsdiq edilən vahid qaydaya uyğun olaraq ölkəmizdə bitkiçilik və heyvandarlıq üzrə 6 növ subsidiya üzrə ödənişlər bu il yanvarın 1-dən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Bu səbəbdən fermerlərə subsidiya verilməsinə dair Nazirlər Kabinetinin əvvəlki qərarları, mövcud hüquqi-normativ aktlar yeni Fərmana uyğunlaşdırılır. Bu, hüquqi prosedurdur və Nazirlər Kabinetinin aqrar sahəyə dövlət dəstəyinin nəzərdə tutan bir sıra qərarların ləğvinə dair son qərarı bu uyğunlaşma ilə əlaqədardır.
Artıq bu il dövlət tərəfindən payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi həyata keçirilib, digər kateqoriya subsidiyaların, o cümlədən arıçılığa görə subsidiyaların ödənilməsi hazırda davam edir. Sosial şəbəkələrdə Nazirlər Kabinetinin son qərarının subsidiyaların ləğv edilməsi kimi şərh olunması yanlışdır və bunun heç bir hüquqi əsası yoxdur”.
Report.az