Sentyabr ayından Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-2021-ci il üçün payızlıq əkinlərin bəyanına başlanılacaq.
Kənd Təsərrüfatı Nazirliyindən fins.az-a daxil olan xəbərə görə, yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar onların bəyanlarına uyğun olaraq verilir. Fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetlərinə daxil olaraq ərazilərini seçməli, növbəti 4 il ərzində əkəcəyi bitkilər barədə məlumatı və bu payız əkəcəyi bitkini bəyan etməlidir. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin “Fermer kartı”na köçürülür.
Xatırladaq ki, aşağıdakı hallarda fermerlər payızlıq əkinlərə görə subsidiya ala bilməyəcəklər:
- fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;
- Aqrar Subsidiya Şurasının qərarına əsasən müəyyən edilmiş rayonlar üzrə əkin əmsalı 0-a bərabər tutulduqda;
- kateqoriyası kənd təsərrüfatı olmayan torpaqlarda və örüş yerlərində əkin aparıldıqda;
- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 20-50 faiz çox olduqda cari il ərzində;
- bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 50 faiz çox olduqda isə cari il və sonrakı il ərzində;
- tələb olunan sənədlər və məlumatlar düzgün və ya vaxtında təqdim edilmədikdə;
Bundan başqa, əvvəlki dövrdə subsidiyanı başqa məqsədlər üçün xərcləməyə çalışan, 75% nağdsız subsidiyanı nağdlaşdırmağa cəhd edən fermerlər də subsidiya almaq hüququndan məhrum ediləcəklər.
Payızlıq əkinlərin bəyanı ilin sonunadək davam edəcək.
Fermerlər EKTİS-dən istifadə qaydaları və payızlıq əkinlərin bəyanı ilə bağlı texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərin və “Asan xidmət” mərkzələrinə müraciət edə bilərlər.