IKT

24 Avqust

Yüksək məhsul vermə qabiliyyətinə malik tinglər yetişdirilir

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Qubadakı təcrübə sahəsində avqustun 15-dən calaq işlərinə başlanılıb.

Fins.az xəbər verir ki, tinglik sahəsində əsasən gilas, albalı, badam, şaftalı, nektarin, gavalı və alçanın “T” şəkilli göz calağı aparılır. Meyvələrin calaqaltıları Türkiyədən gətirilib və yüksək məhsul vermə qabiliyyətinə malikdir. Həmin meyvə ağaclarına bazarda tələbat yüksəkdir. Sahədə calaq vurma prosesi sentyabrın 20-dək davam edəcək.

Meyvəçilik və Çayçılıq ETİ-nin şöbə müdiri Abbas Hacıyev bildirib ki, tinglərin sahələrə köçürülməsinə bir il sonra başlanılacaq. Bu üsulla əldə edilən tinglər xarici ölkədən idxal olunanlarla müqayisədə xəstəliklərə daha çox dözümlüdür.

Bununla yanaşı, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Qarşıya qoyulan əsas məqsəd ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.

Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nin yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.