Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə icra etdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin əhatə dairəsinə Lənkəran-Astara regionu da əlavə edilib.
Fins.az xəbər verir ki,bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məlumat yayımlayıb
Məlumata görə, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə ilkin olaraq, Gəncə-Qazax və Quba-Xaçmaz regionlarını əhatə etməyi nəzərdə tuturdu. 2019-cu ilin noyabrında başlamış layihədə başlanğıcda 2 pilot regionda aqrar məsləhət xidmətlərinin regional əsaslı inkişaf etdirilməsi planlaşdırılmışdı. Lakin tərəflər arasında razılaşmalardan sonra Lənkəran-Astara regionu da yerli xüsusiyyətlərinə və kənd təsərrüfatı məhsulları istehsalı potensialına görə fokus region kimi layihəyə daxil edilib.
Qeyd olunur ki, 2 illik layihə pilot rayonlarda fermerlərə aqrar məsləhət xidmətlərinin göstərilməsi üzrə sub-layihələr reallaşdıracaq. Layihə çərçivəsində bu regionlarda fermerlərin ehtiyac duyduqları aqrar xidmətlər, həmin xidmətləri əldə etmək üçün münasib üsullar öyrəniləcək, dövlət-özəl tərəfdaşlığı imkanları tətbiq edilərək, Avropa ölkələrinin uyğun modelləri sınaqdan keçiriləcək.
Qeyd edək ki, bu ilin fevral ayından başlayan layihə çərçivəsində Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında fermer və aqrar məsləhətçilər arasında sorğular başa çatıb. Sorğuların nəticələri yaxın vaxtlarda yekunlaşdırılıb, ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda, Lənkəran-Astara bölgəsində analoji sorğuların keçirilməsinə başlanılıb. Sorğularda hər bölgədən 200-dən artıq fermer, 50-dək aqrar məsləhətçi, o cümlədən, gübrə, toxum və pestisid təchizatçısı iştirak edib.
Müəllif:Aynur Qəniyeva