IKT

17 İyul

Tərtərdə 400 hektar sahədə təkrar qarğıdalı əkini proqnozlaşdırılır

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirib ki, rayonun təsərrüfatlarında 400 hektar sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Artıq 352 hektarda şum, 322 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb.

Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək. (azərtac)