“Mövcud su qıtlığı şəraitində cari ildə pambıq əkinlərinin suvarma problemləri və onların həlli yolları” mövzusunda videokonfrans formatında müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də hər iki qurumun aidiyyəti struktur rəhbərləri, pambıq istehsalı ilə məşğul olan beş aparıcı şirkətin rəhbəri, pambıq istehsalı üzrə ixtisaslaşan 20 rayonun Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) direktoru və suvarma idarələrinin rəhbərləri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, müşavirədə ölkədə yaşanan su qıtlığının suvarmada yaratdığı problemlər, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin bu ilin 15 aprel tarixli Sərəncamı ilə yaradılmış müvafiq Komissiyanın indiyədək gördüyü və planlaşdırılan işlər barədə iştirakçılara geniş məlumat verilib.
Pambıqçılıq sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri və müvafiq DAİM direktorlarının mövcud şəraitdə pambıq əkinlərinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev mövcud su qıtlığı şəraitində su resurslarının səmərəli istifadəsi ilə bağlı tətbiq olunan qrafiklər barədə məlumat verib. Daha sonra qaldırılan məsələlərin həllinə dair müzakirələr aparılıb.
Sonda hər iki qurumun rəhbərliyi tərəfindən problemlərin həlli istiqamətində tabeli təşkilatlara tapşırıqlar verilib.