IKT

08 İyul

Altı ayda Şəkidə heyvan sahiblərinə 152 min manatdan çox subsidiya ödənilib

Bu ilin birinci yarısında Şəki rayonunda 2998 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 132 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 1805 baş buzov və balaq doğulub. Bu ilin 6 ayında Şəki rayonu üzrə 1204 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1526 baş cinsi yaxşılaşdırılmış buzova görə 152 min 600 manat subsidiya ödənilib.

Bu barədə Fins.az-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 399 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.

Nazim Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” müvafiq Sərəncamının icrası olaraq, son 5 ildə Şəki rayonu üzrə 6511 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 8 min baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 800 min manat subsidiya ödənilib.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, cari ilin birinci yarısında Şəki rayonunda ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz, süd istehsalı isə 1,5 faiz artıb.