Ölkəmizdə arıçılıq üçün əlverişli olan rayonlardan biri də Yardımlıdır. Yüksək dağlıq ərazilərdə hər cür bitkilərin olması arı ailələrindən yaxşı məhsul toplanılmasına şərait yaradır. Lakin qışlama dövründə havaların şaxtalı və soyuq keçməsi arıçılar üçün bir sıra çətinliklərə də səbəb olub.
Fins.az xəbər verir ki, Cənub bölgəsinin arıçılıq təsərrüfatlarında may balının süzüm mövsümü başa çatmaq üzrədir. Yardımlı rayonunda da arıçılar bəslədikləri arı ailələrindən mövsümün ilk balını tədarük edirlər. 84 arı ailəsi olan Əlisahib Cahangirov 50 ildir bu işlə məşğuldur. Hər arıxanasından 10-12 kq məhsul topladığını, ümumilikdə isə 1 ton bal tədarük etdiyini deyir. Arıçı topladığı balın təbii olmasını isə belə izah edir: “Arıxanamda 140 arı ailəsi var. 10 ildən artıqdır bu işlə məşğulam. Əvvəllərdə məşğul olmuşam bu sahə ilə amma bu səviyyədə deyil. Məhsuldarlıq belədir ki, hər yeşikdən 10 kq-a yaxın bal götürürük. May balı beldir ki, gül çiçəkdən bal yığan arılar iyun ayında artıq balı hazırlayıb bişirirlər. Bizdə üç gündür ki, yığıma başlamışıq. Avqust ayında baxılacaq arı yeşiklərinə, bal olsa, götürüləcək”.
Arıçı Səftər Dadaşov da bir neçə ildir arı ailəsi saxlayır. Dədə-babadan yadigar qalan bu peşəni davam etdirən təsərrüfatçının hazırda 140 arı ailəsi var. Hər il orta hesabla bir arı ailəsindən 10 kq bal götürən fermer, satış zamanı heç bir çətinlik çəkmədiyini deyir. Çünki təbii balın müştərisi həmişə var: “Mən arıları dağda, aranda gəzdirmirəm. Çünki evimin ətrafında 1 hektardan yuxarı yonca əkmişəm. Gələn ayın axırına qədər arı öz məhsulunu rahatca götürə biləcək . Elə şan var bütövdür, elə şanda var müəyyən hissəsi duru balla dolub amma üzü örtülməyib. Balı mən həmişə iyulun axırı götürürəm. O vaxta arı balı artıq yetişir, dəyir. Yəni yetişir öz rəngin alır. Yardımlı balı çox keyfiyyətli baldır. O mənada ki, vaxtı ilə yarmarkada rahatca ikinci yer tutmuşam. Yəni Yardımlıda mindən çox bitki növü vardır, ona görədə bizim ballar əsas gedir gül çiçək balı, çünki ərazimizdə qaratikən çoxdur. O da ballara xeyir verir”.
Rayonun demək olar ki, bütün yaşayış məntəqələrində arı təsərrüffatları var. Burada arıçılığa böyk marağın olması dövlətin bu sahəyə geniş dəstəyindən qaynaqlanır. Hər arı ailəsinə görə verilən subsidiyalar ilbəil arı ailələrinin artmasına zəmin yaradır. Yardımlı rayon DAİM-in direktor müavini Fərid Baloğlanov deyib: “Yardımlı dağlıq rayondur. Hazırda arıçılıq rayonumuzda inkişaf etməkdədir. Əsas səbəb yem ehtiyyatının zəngin olmasıdır. Demək olar ki, Yardımlı bütün bitki növləri ilə zəngindir. Bu da arıçılığın inkişafına müsbət təsir göstərir. Rayon üzrə 2019-cu ildə 5327 arı ailəsinə 53 270 manat vəsait köçürülmüşdür. Cənab Prezidentin fərmanına uyğun olaraq, kənd təsərrüfatında elektron sistemə keçidlə əlaqədar bu illər 6200 arı ailəsi qeydiyyatdan keçmişdir və yaxın zamanda subsidiyanın verilməsi planlaşdırılır. Arıçılar istehsal etdikləri məhsulu adətən sifarişlə satırlar. Bundan başqa hər il paytaxtda keçirilən bal yarmarkalarında Yardımlıdan olan bir neçə arıçı da iştirak edir”.