Bu il Qax rayonunun təsərrüfatlarında 496,4 hektar sahədə tütün əkilib. Qaxlı fermerlər cari mövsümdə 470,4 hektar sahədə “Virciniya botaniki”, 14 hektarda “Berley”, 12 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdiriblər. Rayonun Tasmalı, Qorağan və Zəyəm kəndlərinin ərazilərindəki təsərrüfatlarda bir neçə gündür yerli sort tütün yarpağının dəriminə başlanılıb.
Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Sahələrdən yığılan yerli sort tütün yarpağı ipə düzülərək qurudulur. “Virciniya botaniki” növlü tütünün dəriminə isə yaxın günlərdə başlanılacaq və “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsindəki kameralarda qurudulacaq.
Hazırda rayonda tütünçülüklə 66 fermer məşğul olur.
Xatırladaq ki, keçən il qaxlı fermerlər 491,6 hektar sahədən 552,7 ton quru tütün əldə ediblər.