Builki mövsümdə Qax rayonunun təsərrüfatçıları 496 hektar sahədə tütün yetişdirirlər. Torpaq mülkiyyətçiləri bu il 470 hektar sahəyə “Virciniya botaniki”, 14 hektara “Berley”, 12 hektar sahəyə isə “İmmuniy” növ tütün sortları əkiblər.
Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Sektor müdiri bildirib ki, cari mövsümdə tütün yetişdirilməsi ilə əlaqədar 60 təsərrüfatçı ilə müqavilə bağlanılıb. Tütün əkini və becərilməsi işlərinə 800-dən çox mövsümi işçi cəlb olunub. Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, alaq otlarından təmizlənir, suvarılır. Yaşıl tütün yarpağının dəriminə yaxın günlərdə başlanılacaq.
Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 491,6 hektar sahədən 552,7 ton quru tütün əldə ediblər.