Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizdə əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bərdə rayonunun Məmmədli kəndi ərazisində Kür çayı üzərində iki aqreqatlı nasos stansiyasının tikilib istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Yeni tikilən nasos stansiyası sayəsində 1000 hektar əkin sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb.
Bərdə Suvarma Sistemləri İdarəsinin sudan istifadə şöbəsinin rəisi Rasim Nəsirov bildirib ki, indiyə qədər Məmmədli kəndində sakinlərin pay torpaqları və həyətyanı sahələrin suvarılması 27 kilometr uzaqlıqdan gələn Yuxarı Qarabağ kanalından su götürən R-13 paylayıcı kanalı vasitəsilə həyata keçirilirdi. Məmmədli kəndi həmin kanaldan su götürən ən axırıncı yaşayış məntəqəsi olduğu üçün suvarmada müəyyən çətinliklər yaranırdı. Kür çayı üzərində yeni üzən nasos stansiyasının istifadəyə verilməsi ilə sakinlərin bu çətinliyi aradan qaldırılıb. İki aqreqatlı nasos stansiyasının məhsuldarlığı 900 litr saniyədir. Əkinlərin suvarılması üçün nasos stansiyasından 5200 metr uzunluğunda 920 millimetr diametrində təzyiqli metal boru kəməri çəkilib.
Nasos stansiyasının istifadəyə verilməsi Məmmədli kəndinin sakinlərinin sevincinə səbəb olub. Kənd sakini Knyaz Əliyev deyib: "Kəndimizdə əhali əsasən əkinçiliklə məşğuldur. Əsasən pambıq və yem bitkiləri becərilir. Kür çayı kəndimizin yaxınlığından keçməsinə baxmayaraq, suvarmada onun suyundan istifadə edə bilmirdik. Nasos stansiyasının istifadəyə verilməsi ilə Kürün suyu kəndimizə yeni həyat verəcək. Görülən bu işlərə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Bərdə rayonunun 54 min 850 hektar əkin sahələri mənbəyini Yuxarı Qarabağ kanalından götürən 1366,8 kilometr suvarma kanalı, Kür və Tərtər çayları üzərində qurulmuş 14 nasos stansiyası, yerli qaynama suları və subartezian quyuları vasitəsilə suvarılır. Əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə mütəmadi olaraq kanallar lildən təmizlənir, hidrotexniki qurğular təmir edilir. İlin əvvəlindən Qaraməmmədli kəndi ərazisində 1,2 kilometr kanala beton üzlük çəkilib. Hazırda 13-cü paylayıcı kanalın bir kilometr hissəsinə beton üzlüyün çəkilməsi davam etdirilir, Yuxarı Qarabağ kanalının sağ sahilində bir ədəd elektriklə işləyən nasos stansiyası inşa olunur, Şəhriyar nasos stansiyası əsaslı təmir edilir.