Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 649 880,10 min ABŞ dollarına bərabər olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin ilk beş ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 2,6% çoxdur.
Ümumiyyətlə, yanvar-may aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15,6% təşkil edib.
Hesabat dövründə ölkəyə 40 397,31 min dollar dəyərində 22 574,34 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 37,5%, həcm göstəricisi üzrə isə 11,2% çoxdur.
Cari ilin yanvar-may ayları ərzində ölkəyə 7 861,24 min dollar dəyərində (artım 70,2%) 4 431,04 ton (artım 36,2%) süd idxal olunub.
Ölkəyə həmçinin 35 862,50 min dollar dəyərində 7 198,35 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 32,4% və 32% çoxdur.