IKT

16 İyun

Fransadan gətirilən arpa sortlarında yüksək məhsuldarlıq əldə olunub

Xaçmazda Fransadan gətirilərək əkilmiş arpa sortlarında yüksək məhsuldarlıq qeydə alınıb.

Fins.az xəbər verir ki, yüksək məhsuldarlığına və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortlar ilkin olaraq Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində əkilib. 100 hektar sahədə yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini həyata keçirilib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri əkin sahələrinə baxış keçirdikdən sonra biçin aparılıb.

Arpanın “Ramata” sortunun becərildiyi sahələrdə hər hektara görə orta məhsuldarlıq 53 sentnerə çatıb. Mütəxəssislər bunun yüksək nəticə olduğunu qeyd ediblər. Fransadan gətirilən buğda sortlarının (“Renan” və “Barok”) əkildiyi sahələrdə də yüksək məhsuldarlıq müşahidə olunur.

Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara görə 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60 sentnerdən yuxarıdır. Sınaqdan keçirilən yeni arpa sortu isə pivə istehsalı üçün daha faydalıdır.

Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında aparılan sınaq əkinlərinin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.