Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Respublika Süni Mayalanma Mərkəzi ilə birgə “Heyvandarlığın qarışıq qüvvəli yemlə təminatı və damazlıq işinin təşkili” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən Fins.az-a bildirilib ki, konfransın məqsədi Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə heyvandarlığın qarışıq qüvvəli yemlə təminatının yaxşılaşdırılması və damazlıq işinin inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olub.
Tədbirdə universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Esmira Lətifova, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov, Qars-Qafqaz Universitetinin professoru Cihan Kaçar, Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədov, “Ümid-Aqro” MMC-nin rəhbəri Fərid Əkbərov məruzə ediblər.
Məruzələr qlobal iqlim dəyişikliyinin heyvandarlığa təsiri, damazlıq işinin təşkili, süni mayalanma və embrion köçürmə, baytar həkimlərinin və zoomühəndislərin hazırlığı və innovativ texnologiyaların heyvandarlıqda tətbiqi məsələlərini əhatə edib.