IKT

10 İyun

Tərtər taxılçıları bu günədək 2353,2 ton məhsul tədarük ediblər

Bir neçə gündür ki, Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri arpa biçininə başlayıblar. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov  bildirib ki, rayon üzrə bu il 10 min 599,8 hektar sahədə taxıl bitkiləri becərilib. Onun da 6056,9 hektarı bugda, 4542,9 hektarı dən üçün arpadır. Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib.

Havaların əlverişli keçməsindən istifadə edən Tərtər taxılçıları artıq 688 hektar arpa sahəsində biçin aparıblar. Zəmilərdən 2353,2 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 34,2 sentnerdir.

Qeyd edək ki, Tərtər taxılçıları keçən il 10 min 908,4 hektar taxıl sahəsindən 42 min 289,6 ton məhsul, o cümlədən 29 min 419,4 ton buğda, 12 min 870,2 ton arpa əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 41,6 sentner, arpa sahələrində isə 33,7 sentner olub.