Şəki rayonunun təsərrüfatlarında tütün əkini başa çatıb. Builki mövsümdə şəkili fermerlər 1030 hektar sahədə tütün yetişdirirlər.
Bu barədə Fins.az-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari ildə rayonda 527 hektarda “Virciniya botaniki” növlü, 503 hektarda isə yerli tütün sortları əkilib. Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır.
Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər. Tütünün əkini, becərilməsi və yığılması işlərinə 2200-dən çox kənd sakini cəlb olunub. Ötən il tütünçülüklə məşğul olan 189 fermerə istehsal etdikləri 2247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 112 min 347 manat məbləğində subsidiya ödənilib.