Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən birgə “Azərbaycanda çəltikçiliyin inkişafının aktual problemləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Fins.az xəbər verir ki, konfransda çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ənənəvi kənd təsərrüfatı sahələrindən biri kimi çəltikçiliyin əhəmiyyətindən, ərzaq təhlükəsizliyinin təmin olunmasında rolundan, innovativ inkişafı üçün mövcud olan imkanlardan, bu sahədə təhsilin, elmin və istehsalatın inteqrasiyasının zəruriliyindən danışıb.
Qeyd olunub ki, konfransın məqsədi Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.
Konfransda Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri Rafail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi, kənd təsərrüfatı üzrə beynəlxalq səviyyəli ekspert Yaqub Quliyev, Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Teyyub Rzayev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Tanrıverdi İslamzadə, Lənkəran özəl çəltikçilik şirkətinin məsləhətçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Fərman Abdullayev, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, “Bitkiçilik və bitki mühafizəsi” kafedrasının müdiri, dosent Qurban Məmmədov, kafedranın dosenti Vüqar Bəşirov, Bitki klinikasının rəhbəri Sahil Quliyev məruzə ilə çıxış ediblər.
Məruzələr çəltikçiliyin tarixi və inkişaf meyilləri, innovativ texnologiyaların tətbiqi, sahənin inkişafı üzrə institusional tədbirlər, elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatı, dövlət dəstəyi tədbirlərinin iqtisadi səmərəliliyi, marketinq fəaliyyəti məsələlərini əhatə edib.