IKT

04 İyun

Yevlaxda arpa biçininə başlanılıb

Yevlax rayonunda taxılçılıqla məşğul olan fermerlər arpa biçininə başlayıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, bu ilin məhsulu üçün 12007 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 6672,4 hektarı buğda, 5334,6 hektarı arpadır. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.

Rayonda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Taxıl biçininə, ümumilikdə, rayon üzrə 30 taxılbiçən kombayn cəlb edilib. Bunun 24-ü “Aqrolizinq” ASC-yə məxsus olan, 6 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Bundan başqa, biçinə dağətəyi rayonlardan da kombaynlar cəlb olunacaq. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən, ilk növbədə, 50 hektara qədər olan taxıl sahələrində biçin aparılacaq.

Taxıl biçini prosesində texnikanın düzgün dislokasiyası, biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsi məqsədilə karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilib, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilib, maarifləndirici bukletlər paylanılıb. Taxıl anbarlarında dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, Yevlax rayonunda ötən il 11 min 713 hektar sahədə taxıl becərilib, 37 min 427 ton məhsul əldə edilib. Məhsulun 22 min 941,9 tonu buğda, 14 min 485,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 34,6 sentner, arpa zəmilərində isə 28,5 sentner olub.