IKT

02 İyun

Biohumus ən keyfiyyətli ekoloji təmiz üzvi gübrədir - kiloqramı 50 qəpiyə təklif olunur

Ekoloji təmiz və bol məhsul yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə biohumusdan geniş istifadə olunur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə növüdür. Tərtər rayon Buruc kənd sakini Füzuli Yusifovun "Soxulcan evi"ndə tərkibi faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları ilə zəngin olan biohumus “Kaliforniya soxulcanları” vasitəsilə istehsal edilir.

Biohumus istehsalçısı Füzuli Yusifov Fins.az-a biohumusun istehsalı, istifadəsi və faydaları barədə məlumat verib. Bildirib ki, hazırda bütün dünyada, eləcə də respublikamızda ekoloji təmiz məhsullara çox ciddi ehtiyac var: "2008-ci ildə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Qanun qəbul olundu. Biz də o vaxtdan ekoloji təmiz məhsul istehsal etmək üçün yollar axtardıq. Ekoloji təmiz məhsul istehsal etmək üçün ilk növbədə torpağın münbitliyini, onun humusunu artırmaq lazımdır ki, təmiz məhsul istehsal etmək üçün yararlı olsun, bitkilər təbii şəkildə yaxşı inkişaf edə bilsin. Bunun üçün isə ən yaxşı vasitələrdən biri biohumusdur. Soxulcanların ifraz etdiyi biohumus mal peyinindən 15 dəfə güclüdür, fermentlərlə zəngindir. Onun tərkibində mal peyinindən fərqli olaraq alaq toxumları, danadişi və digər zərərvericilər yoxdur. Odur ki, biohumus digər üzvi gübrələrdən daha üstündür".

Füzuli Yusifov qeyd edib ki, biohumusun istehsalında istifadə olunan “Kaliforniya soxulcanları” adi soxulcanlardan daha böyük miqdarda qida qəbul etmələri və daha fəal olmaları ilə fərqlənirlər. “Kaliforniya soxulcanı” üzvi tullantılarla - heyvan peyini ilə qidalanır. Adi peyin soxulcanın bağırsağından keçdikdən və ifraz olunduqdan sonra onun üzvi gübrə kimi keyfiyyəti 15 dəfə artır. Soxulcanlar qəbul etdikləri yemin 60 faizini ifraz edirlər. Bir ton soxulcan gün ərzində 600 kiloqrama yaxın biohumus istehsal edir. Bu da dünyada ən keyfiyyətli üzvi gübrə hesab olunur.

Ölkəmizdə fermerlərin, kənd təsərrüfatı məhsulları istehsalçılarının biohumusun üstünlükləri barədə az məlumatlı olduğunu və bu sahədə maarifləndirməyə ehtiyac olduğunu vurğulayan F.Yusifov deyib: "Fermerlər biohumusun dəyərini bilsələr, öz təsərrüfatlarında bundan geniş istifadə edər, beləliklə də həm məhsuldarlığı artırar, həm də ekoloji təmiz məhsul istehsal edərlər. Biohumusun bir kiloqramı 50 qəpiyə təklif olunur. Hazırda gündə 400 kiloqram biohumus istehsal edirik. Əgər tələb çox olarsa, biohumus istehsalını daha da artırmaq olar".

Biohumus torpağı qida maddələri ilə zənginləşdirir, bitkilərdə məhsuldarlığı artırır, məhsulun yetişmə müddətini tezləşdirir, ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir. Buruc kənd sakini Elxan Yusifov bildirib ki, biohumusdan əsasən kartof və digər tərəvəz bitkilərinin becərilməsində istifadə edir və yüksək nəticəyə nail olurlar. Biohumus bitkilərin qida maddələrinə olan tələbatını maksimum təmin edir, onların xəstəlik və ziyanvericilərə qarşı davamlılığını artırır. Odur ki, bitkilər daha yaxşı inkişaf edir, sağlam olur və məhsuldarlığı yüksəlir.