IKT

02 İyun

Süni mayalanma ilə doğulmuş buzova görə subsidiya müraciəti təsdiqlənib

Bu ilin ötən 5 ayında 21 min 675 fermerin süni mayalanma ilə doğulmuş buzova görə subsidiya müraciəti təsdiqlənib. Bu fermerlər 25 min 370 baş buzova görə subsidiya alacaqlar. Subsidiya məbləği hər heyvandarın öz “Fermer kartı”na köçürüləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildiriblər ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS), ümumilikdə, 348 süni mayalanma üzrə mütəxəssis qeydiyyatdan keçib və əlaqə məlumatları yerləşdirilib. Fermerlər özlərinə yaxın və daha uğurlu təcrübəyə malik olduğu görünən mütəxəssisləri (mayalanma və alınan bala sayının nisbəti ilə) sistemdən seçib, xidmətindən istifadə edə bilərlər.

Bu ilin ötən 5 ayı ərzində Respublika Süni Mayalanma Mərkəzi 150 süni mayalanma mütəxəssisinə 56000 dozaya yaxın cins heyvan toxumu satıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya ödənilir.

Yeni subsidiya qaydalarına uyğun olaraq bütün subsidiya müraciətlərinin toplandığı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkinçilər kimi heyvandarlar da qeydiyyatdan keçərək öz təsərrüfatları ilə bağlı bəyan etməli və fəaliyyətləri barədə məlumat yerləşdirməlidirlər. Süni mayalanma ilə alınan buzova görə subsidiya müraciəti üçün bütün proses – bala verəcək heyvan haqqında məlumat, süni mayalanma mütəxəssisi, mayalandırma tarixi, doğulacaq balanın cinsi və doğulma tarixi EKTİS-də qeyd olunmalıdır. Bu məlumatların bir hissəsini fermer özü, bir hissəsini də süni mayalanma mütəxəssisi və baytar daxil edir. Buzov doğulduqdan sonra məlumatlar yoxlanılaraq təsdiqlənir və buzov sahibinə ödəmə edilir.