Yevlax rayonunda 2020-ci ilin taxıl biçini kampaniyasına hazırlıq işləri başa çatdırılıb.
Yevlax Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, bu ilin məhsulu üçün 12 min 7 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 6672,4 hektarı buğda, 5334,6 hektarı arpadır. Taxıl biçininə ümumilikdə rayon üzrə 30 taxılbiçən kombayn cəlb ediləcək. Bunun 24-ü “Aqrolizinq” ASC-yə məxsus olan, 6 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Bundan başqa biçinə dağətəyi rayonlardan da kombaynlar cəlb olunacaq. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən ilk növbədə 50 hektara qədər olan taxıl sahələrində biçin aparılacaq. Biçin kampaniyasına yaxın günlərdə başlanılacağı nəzərdə tutulub.
Biçinə hazırlıq prosesinin əsas istiqamətləri biçin prosesində texnikanın düzgün dislokasiyası, biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsidir. Bu məqsədlə karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilib, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilib, maarifləndirici bukletlər paylanıb. Taxıl anbarlarında dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Yevlax rayonunda ötən il 11 min 713 hektar sahədə taxıl becərilib, 37 min 427 ton məhsul əldə edilib. Məhsulun 22 min 941,9 tonu buğda, 14 min 485,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 34,6 sentner, arpa zəmilərində isə 28,5 sentner olub.