Saatlıda qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda qoyunçuluğa böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürür.
Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda Saatlının təsərrüfatlarında 115 min 800 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 594 baş çoxdur. Qoyunun əti və südü kimi, yunu da yüksək qiymətə satılır. Bir müddətdir ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır. İndiyədək fermerlər, ümumilikdə, 53,3 ton yun qırxıblar. Hər qoyundan orta hesabla 0,9 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 0,8 kiloqram olub.
Uzun illər qoyunçuluqla məşğul olan Əliəhmədli kəndli fermer təsərrüfatının rəhbəri Xanhüseyn Əhmədov rayon üzrə yun istehsalında ən yüksək nəticə qazanıb. Təsərrüfat rəhbəri bəslədiyi 1678 baş qoyunun hər birindən 1,7 kiloqramdan çox yun əldə edib.
Rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı davam edir.