IKT

19 May

Azərbaycanlı fermer hər il yeni məhsuldar kartof sortlarını təcrübədən keçirir - FOTO

Hazırda kartof sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır. Bundan sonra isə mərhələli şəkildə suvarma işləri həyata keçiriləcək.

Fins.az xəbər verir ki, Tovuzda bir çox fermer bu sahədə kifayət qədər təcrübə qazanaraq, kartofçuluğu inkişaf etdirir. Qırx ildən çoxdur kənd təsərrüfatı ilə məşğul olan Atakişi İmaməliyev bu sahədə yeni olanlarla öz təcrübəsini paylaşır. Fermer hər il bir hektardan 35-40 ton məhsul götürür.

İyirmi beş hektar sahədə kartof əkən Atakişi İmaməliyev mövsüm zamanı satışda çətinliyinin olmadığını deyir. Hər il yeni məhsuldar kartof sortlarını əkib təcrübədən keçirir. Bu il də 3 yeni kartof toxumu səpib. “Məhsulumuzu yığdıqdan sonra asanlıqla paytaxt bazarlarında, ölkəmizin digər şəhər və rayonlarında sata bilirik. Bu əraziyə Rusiyadan gətirdiyimiz “Anna Koroleva”, “Nevski” və “Rozara” toxumlarından səpmişəm. “Anna Karalova” sortunu bu il ilk dəfə olaraq 5 hektar sahədə təcrübədən keçirəcəm”, – deyə fermer əlavə edib.

Ölkə ərazisində karantin rejiminin tətbiqi fermerlərin işində hər hansı problem yaratmayıb. Sahələrdə istər texnikaların, istərsə də insanların işləməsində çətinlik olmayıb. Fermer bu il ötən ilkindən də artıq məhsul götürəcəyinə inanır.

Qeyd edək ki, Tovuz rayonunda 6 min hektardan çox kartof əkilib. Ötən il məhsuldarlıq 1 hektardan 250 sentner təşkil edib. Hazırda rayonun dağ kəndlərinin bəzi hissəsində kartof səpini hələ də davam edir. Kartof sahələrində yığım Tovuzun aran hissəsində iyunun sonlarından başlanacaq. Dağ kəndlərində isə kartofun çıxarılmasına yayın sonu, payızın əvvəllərində start veriləcək.