IKT

18 May

İlk dəfə elit ipəkqurdunun yemlənməsi həyata keçirilir

Builki mövsümdə Qax rayonunda 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılıb. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edir. Hazırda Qax rayonunda damazlıq elit ipəkqurdunun yemlənməsi ilə 395 kümçü, hibrid sənaye ipəkqurdunun yemlənməsi ilə isə 50 kümçü məşğul olur. Bu il ilk dəfə olaraq stansiyanın özündə yerli istehsal hesabına hazırlanmış damazlıq elit ipəkqurdunun yemlənməsi prosesi də həyata keçirilir.

Bu barədə Fins.az-a Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev məlumat verib.

Müəssisə rəhbəri bildirib ki, damazlıq elit ipəkqurdu toxumu bu il stansiyanın özündə hazırlanıb. Toxum inkubasiya olunduqdan sonra ondan nümunələr götürülüb, hər nümunədə olan toxumlar sayılıb və dirilməyə qoyulub. Nəticənin çox yaxşı olduğunu vurğulayan direktor deyib: “Biz ipəkqurdunun yemlənməsinə digər kümçülərdən 10 gün əvvəl başladıq və nəticə çox yaxşıdır. İpəkqurdlarından 98 faiz dirilmə əldə olunub. Hazırda ipəkqurdu barama sarımağa başlayıb. Baramanın ölçüsü, orta çəkisi, ipək faizi çox yüksəkdir. Gələcəkdə kümçülərimizi özümüzün istehsal etdiyimiz yüksək məhsuldar ipəkqurdu toxumu ilə təmin edəcəyik”.

Əkrəm Fətəliyev bildirib ki, ötənilki mövsümdə rayonun kümçüləri tərəfindən istehsal olunan damazlıq baramadan 5 min qutu ipəkqurdu toxumu hazırlanıb. Bu il həmin toxum Çindən alınaraq ölkəmizə gətirilən 15 min qutu hibrid ipəkqurdu sənaye toxumu ilə birlikdə inkubasiya olunaraq respublika kümçülərinə paylanılıb. Cari mövsümdə stansiyada 15-16 min qutu ipəkqurdu toxumunun hazırlanması nəzərdə tutulur. Beləliklə, yaxın iki ildə respublikanın ipəkqurdu toxumuna olan tələbatı yerli istehsal hesabına tam ödəniləcək, daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq.