IKT

15 May

Bu il Ağdam rayonunda 22 ton barama tədarükü gözlənilir

Bu il Ağdam rayonunda yaş barama istehsalının əvvəlki illərlə müqayisədə artırılaraq 22 tona çatdırılması proqnozlaşdırılır.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, barama yetişdirilməsi ilə əlaqədar ağdamlı kümçülərə 550 qutu (10 min 450 qram) ipəkqurdu toxumu gətirilərək paylanılıb. Hazırda 136 kümçü tərəfindən ipəkqurduların bəslənməsi davam edir.

Qeyd edək ki, Ağdam rayonunun xeyli inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 230 min ədədə yaxın tut tingi əkilib. 2016-cı ildə rayonda 2,4 ton, 2017-ci ildə 13 ton, 2018-ci ildə 16 ton 722,9 kiloqram, 2019-cu ildə isə 17 ton 106,8 kiloqram barama istehsal olunub.