Son illər Sabirabadda istixana şəraitində yetişdirilən tərəvəz əkininə maraq artıb. Məhsul istehsalçılarının bu sahədə əldə etdikləri qazanc hesabına rayonda istixanaların şəbəkəsi ilbəil genişləndirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, hazırda Sabirabadda 32,7 hektar ərazidə 189 istixana kompleksi mövcuddur. Hər il bu istixanalarda 100 tonlarla tərəvəz yetişdirilərək xarici və daxili bazarlara göndərilir. Ötən il olduğu kimi, cari təsərrüfat ilində də istixanalarda tərəvəz boldur. Xeyli vaxtdır ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərən istixanalarda tərəvəz yığımı aparılır və indiyədək daxili bazarlara 2 min 338 ton xiyar-pomidor göndərilib. Məhsulun qiyməti də təsərrüfat sahiblərini qane edir.
Yığılan tərəvəzin demək olar ki, yarıdan çoxu rayonun Qruzma, Suqovuşan və Qaratəpə kəndlərindəki istixanalardan toplanılıb. Hələ istixanalarda məhsul çoxdur. Mütəxəssislərin proqnozuna görə, bu il tərəvəz ötən ilkindən də çox olacaq.