Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin aprel ayında öz fəaliyyətini nazirliyin illik iş planının və dövlət proqramlarının icrası istiqamətində həyata keçirib.
Nazirlikdən Fins.az-a bildirilib ki, nazirlik əməkdaşları tərəfindən muxtar respublikada payızlıq taxıl əkinlərinə 2-ci yemləmə gübrələrinin verilməsi, taxıl sahələrində alaq otlarına, sarı çiçəyə, meyvə və üzüm bağlarında zərərverici və xəstəliklərə qarşı qabaqlayıcı mübarizə tədbirlərinin həyata keçirilməsinin məhsuldarlığa təsiri, eyni zamanda, kartof əkinlərinin əkin atlaslarına uyğun aqrotexniki qaydada aparılmasının əhəmiyyəti haqqında torpaq mülkiyyətçilərinə məsləhətlər verilib.
Ümumilikdə, muxtar respublikada yazın əvvəlindən 235 hektar yonca sahəsində fitanomus zərərvericisinə, 4 min 675 hektar taxıl və cavan meyvə bağlarında gəmiricilərə, 3 min 761 hektar taxıl sahəsində alaq otlarına, həmçinin 8 hektar bəzək bitkiləri sahəsində zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Ay ərzində Culfa rayonunda 2, Babək rayonunda 6 üzüm və meyvə bağlarında kompleks tədbirlərin aparılması ilə bağlı köməklik göstərilib.
“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçılarının gətirdikləri torpaq nümunələri analiz olunub, tərkibindəki qida maddələrinin miqdarı barədə aidiyyəti üzrə məlumat təqdim edilib.
Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinə 85 ayrı-ayrı ailə təsərrüfatı sahibləri və fermerlər tərəfindən istixana, meyvə, üzüm bağı əkinlərində xəstəlik və zərərvericilərin aşkarlanması barədə olunan müraciətlər əsasında, həmin sahələrə baxış keçirilib, mübarizə tədbirləri haqqında məsləhət və tövsiyələr verilib. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analizdən keçirilərək nəticəsi haqqında onlara analiz aktı verilib.
Qoyunçuluq təsərrüfatlarında yeni doğulan balalara zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyəti, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırmanın davam etdirilməsi və baytarlıq tədbirlərinin aparılması ilə bağlı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.