Ölkəmizin iri pambıqçılıq rayonlarından olan Biləsuvarda çiyid səpini başa çatmaq üzrədir. Bu il rayon fermerləri ilə 10 min hektara yaxın sahədə pambıq əkini üçün müqavilələr bağlanılıb. Hazırda erkən səpilən pambıq sahələrində becərmə işlərinə başlanılıb. 27 gün əvvəl səpilən çiyid toxumlarından 100 faiz çıxış alınıb və kultifasiya işləri aparılır.
Fins.az xəbər verir ki, bu il rayonda 4 müəssisə üzrə 1700 nəfər mülkiyyətçi ilə 10 min hektara yaxın sahədə pambıq əkini üçün müqavilələr imzalanıb. İstehsalçı müəssisələr əkin sahələrinin toxum, mineral gübrə, pestisidlə təminatı ilə bağlı zəruri tədbirlər görüblər. Bu günədək 9000 hektardan çox sahədə çiyid səpini aparılıb, 6000 hektar sahədə isə bitiş alınıb. Məhsuldarlığın artırılması məqsədilə əkin texnologiyasında yeni metodların tətbiqinə üstünlük verən fermerlər,ənənəvi üsulla yanaşı bu il 1000 hektara yaxın sahədə “tirə” üsusli ilə səpin aparıblar.
Fermer Nurəddin Mirzəyev deyib: “Bu il aprel ayının 15-də tarlalarımızda pambıq səpininə başlamışıq. Hazırda may ayının ortalarıdır, biz 100 faiz çıxışımızı almışıq və becərmə işlərini həyata keçiririk. Becərmə işləri ilə bağlı şirkət tərəfindən bizə texnika verilib, əkdiyimiz çiyidi də texnikaların köməyi ilə nizama salmışıq. Texnika ilə səpilən çiyidin seyrəltməsinə ehtiyac qalmır. Əkdiyimiz çiyid öz istehsalımızdır, bəyaz-altun 440. Eyni zamanda burda işçi az işləniləcək, seyrəltmə aparılmayacaq və maddi cəhətdəndə bu bizə sərfəlidi. Keçən illəri 41 sentner pambıq götürmüşəm.bu il də söz verirəm ki, 45 sentnerdən 50 sentnerə kimi pambıq verəcəyik”.
Bildirək ki, bu ildən fermerlər pambıq becərilməsinə görə, həm əkin, həm də məhsul subsidiyası alacaqlar. Pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa, dövlət, qəbul məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Yəni, əgər bir fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq.
Biləsuvar DAİM-in bitkiçilik sektorunun müdiri Elşən Musayev fermerlərə müraciət edərək bildirib ki, iyun ayının birinə qədər fermerlərə veriləcək subsidiyaların qeydiyyatı aparılır. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hazırda işlər davam etdirilir. İyun ayının 1-dək vətəndaşlar, fermerlər müraciət etsinlər,qeydiyyatdan keçsinlər və dövlətin onlara göstərdiyi yardımdan, subsidiyadan yararlansınlar: “Biləsuvar rayonunda 4 müəssisə üzrə 1666 nəfərlə 9800 hektara yaxın torpaq müqaviləsi bağlanaraq, pambıq əkini üçün torpaqlar tam hazırlanmışdır. Bu günə kimi 8900 hektar ərazidə əkin aparılıb. Hazırda 5800 hektar sahədə bitiş alınmışdır.
Qeyd edək ki, Biləsuvarda çiyid səpini prosesi xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilir.