Mayın 14-də Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib.
Fins.az xəbər verir ki, nazir əvvəlcə Xaçmaz rayonunda yeni salınmış intensiv meyvə bağında olub. Bildirilib ki, albalı, armud, şaftalı, gilas meyvələrinin əkildiyi müasir tipli bağın sahəsi 24 hektardan artırılaraq 76 hektara çatdırılıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Bu isə öz növbəsində həm vaxt itkisini, həm də su məsrəfinin qarşısını alır.
Daha sonra nazir İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Qusarçay təcrübə stansiyasına gəlib. 161 hektarlıq nümunəvi təsərrüfatda yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı tərəvəz məhsulları yetişdirilir.
Nazir İnam Kərimov Xaçmaz sort sınaq məntəqəsinin tikinti işlərinin gedişi ilə maraqlanıb, 2500 ton tutumu olan soyuducu anbara baxış keçirib, Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ” layihəsi çərçivəsində görülən işlərlə tanış olub. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb və kompüter idarəetməsi tətbiq olunub. Bağda alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becərilir. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. “Ağıllı bağ”da Günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. Burada mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunur. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Bundan başqa, sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.
Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, “Fermer evi”nə, İkinci Nügədi kəndində yerləşən intensiv bağa baxış keçirib, fermerlərlə fikir mübadiləsi aparıb. Fermerlər bildiriblər ki, dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək insanların kənd təsərrüfatına marağını daha da artırıb.
Kənd Təsərrüfatı naziri jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib.
“Koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlər görülür. Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur. Biz bu gün Xaçmaz və Quba rayonlarında təsərrüfatlara, kənd təsərrüfatı infrastrukturuna baxış keçirdik. Bildiyiniz kimi, Quba-Xaçmaz iqtisadi rayonu tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb və kənd təsərrüfatı məhsullarının ixracında bu rayonların payı böyükdür. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının ixracında heç bir problem yoxdur”, - deyə İnam Kərimov söyləyib.
Nazir qeyd edib ki, bu il sahələrdə məhsulun bol olması fermerlərə öz məhsulunu həm daxili bazarlara çıxarmağa, həm də xarici ölkələrə ixrac etməyə imkan verir.