IKT

14 May

Zərdabda mütəxəssislər kümxanalara baş çəkib, yem təminatı ilə bağlı vəziyyəti öyrəniblər

Zərdab rayonunda ipəkqurdlarının saxlanması vəziyyətinə baxış keçirilib.

Rayon icra hakimiyyətindən Fins.az-a bildirilib ki, mütəxəssislərin iştirakı ilə keçirilən baxışda ipəkqurdlarının saxlanması üçün yaradılan şərait və yem təminatı ilə bağlı vəziyyət öyrənilib, kümçülərin qayğıları ilə maraqlanılıb.

Qeyd edək ki, respublikamızda baramaçılığın inkişafı ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində son illər ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, vaxtilə ənənəvi sahə olan baramaçılıq artıq intensiv inkişaf yolundadır. Belə ki, bölgədə 2016-cı ildə 1710 kiloqram, 2017-ci ildə 27 ton 55 kiloqram, 2018-ci ildə 71 ton 539 kiloqram barama tədarük olunub. Cari ildə rayonda daha çox barama tədarükü gözlənilir. Bu ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik Stansiyasından 1700 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb. Kifayət qədər yem bazası da yaradılıb.

İldən-ilə kümçülərin sayı da artmaqdadır. Xeyli peşəkar kümçü də yetişib. Onlardan 2 nəfəri 2-ci dərəcəli, 1 nəfəri 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.