"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Qazaxda da ardıcıl tədbirlər həyata keçirilib və uğurlu nəticələr əldə olunub. Belə ki, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Qazax rayonunda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz təsirini göstərib. Təsadüfi deyil ki, son illər rayonda təsərrüfatın bu gəlirli sahəsinə maraq göstərənlərin sayı xeyli artıb. Bu il artıq beşinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir.
Fins.az xəbər verir ki, cari ildə kümçülər tərəfindən 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub.
Rayonun Alpout, Aşağı Salahlı, Aslanbəyli, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülərə 150 qutu ipəkqurdu toxumu paylanılıb.
Kümçülər bildiriblər ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də mütəxəssislərin məsləhətindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını deyiblər.