Bu il Balakən rayonunun təsərrüfatlarında 7,5 min hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı əkini mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 4670 hektar sahəyə qarğıdalı əkiblər. Təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər.
Bu barədə Fins.az-a Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.
Rayonun ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi də davam edir. Hazırda ipəkqurdları üçüncü yuxudan ayılıb. Builki mövsümdə barama yetişdirmək üçün 358 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 1300 qutu ipəkqurdu paylanılıb. Baramaçılıq sahəsində 1432 nəfər mövsümi işlə təmin olunub. Bu il Balakəndə yaş barama istehsalının ötən illə müqayisədə 8 tona yaxın artırılaraq, 52 tona çatdırılması proqnozlaşdırılır.