İmişlidə son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan imişlili fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fions.az-a bildiriblər ki, xeyli vaxtdır rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana kompleksində pomidor yığımına başlanılıb və indiyədək 83,7 ton məhsul toplanılıb. Tədarük olunan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiyməti də təsərrüfat sahiblərini qane edir.
Fermer Səlahət Qafarov bildirib ki, indiyədək 32 tondan çox məhsul tədarük edərək yerli bazarlara göndərib: “Hələ istixanada məhsulumuz çoxdur. Təxmini hesablamama görə bundan sonra daha 18–20 ton pomidor sata biləcəyəm”.
Qeyd edək ki, İmişlidə 7,6 hektar ərazisi olan 7 istixana kompleksi mövcuddur. Hazırda rayonun Otuzikilər, Murğuzalılı, Qaradonlu və Göbəktala kəndlərində yeni istixanalar yaradılır. Yaxın vaxtlarda bu istixanalarda da tərəvəz yetişdirilməsinə başlanılacaq.