Astara rayonunda yazlıq əkini kampaniyası davam edir. İndiyədək rayonda 1504 hektar açıq sahədə tərəvəz əkini aparılıb. Bunun 260 hektarını pomidor əkini təşkil edir.
Bu barədə Fins.az-a Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, rayonda tərəvəzçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları politelin örtük altında yetişdirdikləri pomidor şitillərini sahələrə köçürürlər. Məhsul istehsalçıları əkin zamanı hər hektardan 20 tona yaxın məhsul verən “Bolqar”, “Naviçok” və “Tetan” sortllarına daha çox üstünlük verirlər.
Ötən il sahələrdən bol məhsul götürdüklərini vurğulayan fermerlər, hava şəraiti imkan verərsə, bu il də məhsuldarlığın yüksək olacağını bildirirlər.
Bu il rayonda 500 hektar açıq sahədə pomidor şitillərinin əkilməsi nəzərdə tutulub. Pomidor əkini kampaniyası bir həftə müddətində başa çataçaq.
Qeyd edək ki, ötən il Astara rayonunda 474 hektar sahədə pomidor əkini aparılıb. Sahələrdən 7002 ton məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 147,6 sentner təşkil edib.