Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən ölkəmizin bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da bu istiqamətdə tədbirlər görülür. Hazırda rayonun Birinci Mahmudlu kəndi ərazisində yeni su nov kanal inşa edilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bəhramtəpə melioservis idarəsinin mühəndisi Adil Mürsəlov Fins.az-a bildirib ki, Birinci Mahmudlu kəndi ərazisindəki köhnə nov kanal uzun müddət istismar olunduğuna görə yararsız vəziyyətə düşmüşdü, su itkisi baş verirdi. Əkinlərin suvarma suyuna olan tələbatını ödəmirdi. Yeni nov kanal isə daha geniş su tutumuna malikdir. Artıq ümumi işin 50 faizi başa çatıb. Uzunluğu 800 metr olan nov kanalda bünövrə işləri görülüb. 200 metrdə yeni nov kanal inşa edilib. Nov kanalın üzərində səviyyəqaldıran şluzlar, suburaxıcı siyirtmələr kimi hidrotexniki qurğular da inşa ediləcək. İşlərin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur. Bununla da 500 hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il Füzuli rayonunun 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusu da qazılacaq.