Bu ilin birinci yarısında Samux rayonunda 527 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb.
Samux Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, heyvanların süni mayalandırılmasından 449 baş bala alınıb.
Qeyd edilib ki, ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalanmadan 8 min 101 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Bu ilin yanvar ayına olan məlumata əsasən, rayonda iribuynuzlu mal-qaranın baş sayı 23 min 185 baş, qoyun və keçilərin baş sayı isə 137 min 459-a çatıb. Rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə rayonda ət istehsalı (diri çəkidə) 3 ton artaraq 1505 ton, süd istehsalı 9 ton artaraq 8 min 162 ton, yumurta istehsalı isə 52 min ədəd artaraq 2 min 731 min ədəd olub.