Bərdədə payızlıq soğanın yığımı davam edir. Artıq məhsulun 20 faizi yığılaraq bazarlarda satılıb.
Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev Fins.az-a bildirib ki, tələbat çox olduğundan məhsul birbaşa respublikanın bütün rayon və şəhərlərindəki bazarlara, marketlərə çatdırılır.
"Soğanın qiymətində ucuzlaşma qeydə alınıb və daxili bazarda qiymətlər tənzimlənib. Bir kiloqram soğan sahədə 20-25 qəpik, bazar və marketlərdə isə 30-35 qəpiyə satılır. Hazırda istehsal olunan soğanın xarici ölkələrə ixracı üçün hazırlıq görülür. Artıq Gürcüstan, Rusiya, Ukrayna, Belarusdan müraciətlər var. Faraş soğanı anbarlarda saxlamaq olmur. Odur ki, istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət götürərlər", - deyə V.Babayev bildirib.
Qeyd edək ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1400 hektar payızlıq soğan əkilib ki, onun da 840 hektarı Bərdə rayonu ərazisindədir. Payızda əkilən soğanın yığımı may ayının sonunadək davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaqdır.