Son zamanlar respublikanın dağlıq və dağətəyi bölgələrinin, o cümlədən Abşeron bölgəsinin bəzi üzüm bağlarında tənəklərin budama zamanı saxlanılmış gözcüklərinin açılmaması - “gözburaxma”, yaxud gözcüklərin oyanmama və açılmama, o cümlədən yarpaqların saralması “xloroz”u problemləri ilə qarşılaşılır.
Fins.az Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, Aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov və Texnika üzrə fəlsəfə doktoru Mövlud Hüseynovun bununla bağlı fermerlərə tövsiyələrini təqdim edir.
Gözcüklərin açılma vaxtı və miqdarı ilin hava şəraitindən, sortdan, tənəyin vəziyyətindən, budama zamanı saxlanılmış gözcüklərin sayından, bar zoğlarının uzunluğundan, gözcüklərin formalaşmağa başlama və inkişaf vaxtından, diferensasiya səviyyəsindən, tənəyin becərilmə şəraitindən və s. əhəmiyyətli dərəcədə asılıdır. Bir çox sortlar (Ağ şanı, Qara şanı, Qara kişmişi və s.) vardır ki, əlverişli şərait olmasına baxmayaraq, onların bar zoğları uzun kəsilərsə (10 və daha çox gözcükdən yuxarı) əsasına doğru olan gözcüklərin açılma miqdarı aşağı olur. Bu xüsusiyyət sortların genetik təbiətindən irəli gəlir. Budama zamanı, belə sortların bar zoğlarını qısa (3-5 gözcüyə) və orta (6-8 gözcüyə) uzunluqda kəsmək məqsədəuyğundur. Lakin bir çox sortlarda tumurcuqların şişməsi və açılması dövründə hava şəraiti əlverişsiz, yəni quraq, soyuq və şaxtalı keçərsə, bar zoğlarındakı gözcüklərin (zoğun əsasına, yəni dibinə doğru) əksəriyyəti açılmır. Bu çatışmazlıq bütün növ budamalarda (qısa, orta, uzun) müşahidə edilir. Bu hadisə üzümçülükdə “gözburaxma” adlanır. Gözburaxma nəticəsində tənəklərin forması itir, gələcək budama zamanı ciddi problemlər yaranır. Ən başlıcası isə məhsuldarlıq kəskin aşağı (30-80 faiz) düşür.
Müşahidələrimiz nəticəsində “gözburaxma”, yaxud “gözün açılma pozuntusu” səbəblərini şərti olaraq 5 qrupda cəmləşdirmişik.
1) xəstəlik və zərərvericilərin təsiri;
2) yetişdirilmə texnologiyasında və ənənəvi becərmələrdəki çatışmazlıqlar;
3) hibberellin turşularından və azotlu gübrələrdən həddən çox istifadə;
4) üzüm yetişdirilməsində xətalar və tövsiyələrdən kənar tətbiqlər;
5) iqlim dəyişikliyi və hava şəraiti.
Gözlərin oyanmasına və açılmasına “üzüm gövdə” xəstəliklərinin (Ölükol, Eskarioz, kök çürüməsi və s.) təsiri böyükdür. Gövdə göbələk xəstəliklərinin inkişafı zamanı tənəyin oduncağında və qabığında boruların (ksilema, floema) tutulması nəticəsində kök və gövdə arasındakı su və qida maddələrinin mübadiləsi (transferi) zəifləyir, yaxud dayanır. Bu isə gözcüklərin açılmasına mənfi təsir edir. Bununla yanaşı üzümdə tumurcuqların sükunət və şişkinləşmə mərhələsində havaların mülayim keçməsi göbələk xəstəliklərinin, o cümlədən gövdə göbələk xəstəliklərinin fəaliyyətinin davam etməsinə və zərər verməsinə şərait yaradır. Filloksera, Bağ meymuncuğu, İyun böcəyi və s. zərərvericilərin inkişafı da gözcüklərin açılmasına mənfi təsir edir.
Yetişdirilmə texnologiyasında və ənənəvi becərmələrdəki çatışmazlıqlara budamanın vaxtında və düzgün aparılmaması (yarpaqlar tökülmədən və yazda gec aparılan budamalar), budama zamanı tənəyə iri yaraların vurulması, tənəyin inkişafına uyğun gözcük yükünün verilməməsi, budama alətlərinin dezinfeksiya edilməməsi, budanmış zoğların uzun müddət sahədə saxlanılması, yaxud doğranıb sahədəki torpağa qarışdırılması, torpağın fiziki-kimyəvi, mexaniki xüsusiyyətlərinin nəzərə alınmaması, fillokseraya davamlı calaq tinglərindən istifadə olunmaması, budama qurtardıqdan sonra və gözlər açılmamışdan qabaq bordo mayesi ilə profilaktiki mübarizənin aparılmaması, sahənin xırda və iribuynuzlu heyvanlarla otarılması və s. daxildir. Bundan başqa, tənəklərdə həddən artıq (25 faizdən çox) və erkən yarpaqların yığılması, ucqoparma və s. işlər fotosintezin intensivliyini kəskin azaldaraq gözcüklərin formalaşmasına mənfi təsir edir.
Üzüm yetişdirilməsində xətalar və tövsiyələrdən kənar tətbiqlər nəticəsində hibberellin turşularından, boy hormonlarından, yarpaq gübrələrindən kortəbii və həddən artıq istifadə edilməsi vegetativ kütlənin artmasına səbəb olur, zoğların və gözcüklərin yetişməsində çatışmazlıqlar baş verir, tənəyin davamlılığı aşağı düşür.
Son illərdə qlobal iqlim dəyişikliyi fonunda müşahidə edilən anomal hava şəraitinin təsirləri üzüm bitkisindən də yan keçmir. Son illərdə oktyabr-mart aylarında havaların mülayim keçməsi, o cümlədən ani dəyişiklik və tərəddüdlər, uzun müddət davam edən quraqlıq, birdən-birə düşən qəfil və şiddətli yağışlar əlverişsiz hava şəraiti yaratmaqla, torpaqda gedən mikrobioloji, minerallaşma və s. proseslər üçün faydalı olmur, oyanma dövründə lazım olan torpaq xüsusiyyətlərinin çatışmazlığına səbəb olur. Nəticədə gözcüklərdə nizamsızlıq və oyanmama problemi yaşanır.
Bunların baş verməməsi üçün fermerlərimiz nə etməlidir:
-suyun tumurcuqların açılmasında çox böyük rol oynamasına baxmayaraq, əgər havalar soyuq keçirsə tənəkləri suvarmaq məqsədəuyğun deyil. Çünki, tumurcuqların açılması havanın temperaturu ilə yanaşı, torpağın istiliyindən də birbaşa asılı olduğundan suvarma torpağın temperaturunu aşağı salır. Suvarma havalar sabitləşib, temperatur yüksəldikdən sonra aparılmalıdır.
-vegetasiya ərzində yaşıl zoğların əsasına doğru olan tumurcuqların formalaşması aprel və may aylarına düşdüyündən bu dövrdə temperaturun nisbətən aşağı olması onların embrional inkişafına mənfi təsir edir. Yüksək temperatur bu dövrdə gözcüklərin formalaşması və yetişməsində mühüm rol oynadığından, yaşıl əməliyyatlar aparılmalı, tənəyin havalanması və istiliklə təmin olunması üçün şərait yaradılmalıdır. Bu dövrdə də kalium, bor, sink, dəmir, maqnezium və digər elementlərlə zəngin olan mikrogübrələrdən istifadə məqsədəuyğundur.
-tənəkdə “polyarlıq” xüsusiyyəti onda daha çox zoğların ucundakı tumurcuqların açılmasını təmin etdiyindən, quru bağlama zamanı barlı zoğların yuxarı və üfüqi bağlanması tövsiyə edilmir, onların qövsvarı bağlanması daha məqsədəuyğundur.
-məqsədəuyğundur ki, tumurcuqların açılmasını ləngidən vasitələrdən istifadə edilsin. Bu tədbir üzümü həm ilkin yaz şaxtalarından qoruyur, həm də tumurcuqların normal inkişafını, onların açılmasını təmin edir. Ona görə də, üzüm sahələrində rast gəlinən tez oyanma problemlərinə qarşı aşağıdakı aqrotexniki tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur (gözcüklərin açılma müddətini dəyişdirən aqrotexniki tədbirlər):
1. Yaşıl budama qaydalarına uyğun olaraq aparılmalı, 25%-dən artıq yarpaq alınmamalıdır. Ticarət məqsədi ilə yarpaq yığımı may ayının sonu-iyunun əvvəlindən öncə aparılmamalıdır.
2.Qış budaması yarpaqlar tökülmədən aparılmamalıdır.
3. Budamada tənəyin yükgötürmə potensialından artıq bar çubuğu saxlanılmamalıdır. Yazda tənəyi gec budamaqla, keçən yazda və yayda ucu vurulan buğumlardan əmələ gələn biclərdə bir-iki buğumarası saxlanmalıdır.
4. Budamada böyük yara açılmamalı, açılan yaralar bağ məcunu kimi vasitələrlə örtülməlidir.
5. Həddən artıq azotlu gübrə istifadəsinə yol verilməməlidir. Vegetasiyanın axırlarında kaliumlu gübrələrin verilməsi məsləhətdir.
6. Həddən artıq hibberellin turşusu və bitki boy tənzimləyiciləri tətbiq edilməməlidir.
7. Qışın quraq və mülayim keçdiyi illərdə oyanmadan təxminən bir ay öncə suvarma aparılmalıdır.
8. Tənəyə tumurcuqlar açılmamışdan qabaq dəmir kuporosunun və mis kuporosunun qatı məhlulunun (4-5 faizli) çilənməsi gözcüklərin açılmasını 10-12 gün ləngidir.
9. Tənəyin ətrafına qar toplamaqla gözcüklərin açılmasını 15-20 günə qədər ləngitmək olar.
İlkin yazda (martın axırları və apreldə, o cümlədən mayın əvvəllərində) havaların nisbətən soyuq keçməsi, müşahidə edilən şaxtalar, yağıntıların həddən artıq az və həddən artıq çox düşməsi nəticəsində bir sıra sortların tənəklərində xloroz müşahidə edilir. Ayrı-ayrı illərdə bu hadisə ilə qarşılaşdıqda saralma müşahidə edilən tənəklərin gövdə ətrafına ammonium nitrat və kalium sulfat gübrələrini (40-50 qram ammonim-nitrat və 40-50 qram kalium-sulfat) qarışdırıb səpmək və sulamaq lazımdır. Bununla yanaşı, həmin tənəklərə may və iyun ayının əvvəllərinə qədər (xloroz aradan qalxana qədər) 7-12 gündən bir (3-4 dəfə) tərkibində dəmir elementi də olan yarpaq gübrələrinin (Razormin, Attack, Elifer kombi və s.) çilənməsi məqsədəuyğundur. Yuxarıda göstərilən hava şəraiti Abşeronda müşahidə olunanda xloroz əsasən yerli Ağ şanı, Sarıgilə, Xatını, Qara pişraz, Qara şanı, Qızıl üzüm, Kişmişi və s. üzüm sortlarında müşahidə olunur.