IKT

07 May

Astaralı kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb

Mayın 7-də Astara Rayon Aqrar İnkişaf Mərkəzində Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş 50 qutu ipəkqurdu toxumu kümçülərə paylanılıb.

Fins.az xəbər verir ki, Astara rayonunda uzun müddət tənəzzül dövrünü yaşayan ənənəvi təsərrüfat sahələrindən olan baramaçılıq dövlətin dəstəyi ilə 2016-cı ildən yenidən dirçəlməyə başlayıb. Baramaçılığın yem bazasını təmin etmək məqsədilə rayonda 22000 tut tingi əkilib.

Ötən il kümçülər 1262,6 kiloqram yaş barama tədarük edərək “Azəripək” MMC-yə təhvil veriblər. Təhvil verilən yaş baramanın hər kiloqramına görə kümçülərin hesabına dövlət tərəfindən 5, “Azəripək” MMC tərəfindən 4 manat olmaqla, 9 manat vəsait ödənilib.

Astara rayonunda baramaçılıq əsasən Kijəbə və Ərçivan qəsəbələrində, Kakalos, Şüvi, Şahağac, Təngərüd, Səncərədi və Suparibağ kəndlərində inkişaf etdirilir.